Oktyabrın 6-da Praqada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fransa Respublikasının Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə keçirilən görüş bir çox baxımdan mühüm tarixi-siyasi əhəmiyyətə malikdir. Bu görüş və onun nəticələri Azərbaycan diplomatiyasının və şəxsən Prezident İlham Əliyevin tarixi qələbəsi hesab edilə bilər. Çünki bu hadisə son 30 ildə yeganə faktdır ki, Azərbaycan tərəfi özünün bütün şərtlərini Ermənistana qəbul etdirməyi bacarıb. Daha doğrusu, rəsmi İrəvanı məcbur edib ki, Azərbaycanın şərtlərini qəbul etsin, bu şərtlərlə razılaşsın. Bu baxımdan, Praqa görüşü Azərbaycanın diplomatik müstəvidə böyük zəfəridir və bu zəfər dövlətimizin hərbi platformada olduğu kimi, siyasi platformada da güc sahibi olduğunu göstərir”. Biz son 30 il ərzində beynəlxalq təşkilatların, dünyanın qabaqcıl dövlətlərinin Ermənistanın işğal və təcavüzkarlıq siyasətini laqeydliklə seyr etdiyinə şahdi olduq. Gördük ki, sözdə insan haqlarından, insan hüquqlarından bəhs edən, bu hüquqların aliliyindən danışan beynəlxalq təşkilatlar əməli baxımdan yüz minlərlə Azərbaycan vətəndaşının erməni işğalı nəticəsində pozulan hüquqlarının müdafiəsi istiqamətində heç bir addım atmadı. Heç bir beynəlxalq təşkilat, dünyanın aparıcı dövləti işğalçılıq siyasətindən əl çəkməsi üçün Ermənistana təzyiq göstərmədi. 2020-ci ilin 27 sentyabr tarixindən başlanan 44 gün davam edən Dəmir Yumruq əməliyyatında Azərbaycanın döyüş meydanında əldə etdiyi qələbə onun dünya siyasi arenasında da üstünlüyünü şərtləndirmiş oldu. Qardaş Türkiyə dövləti həm 44 günlük Vətən müharibəsində, həm də post-müharibə dönəmində Azərbaycana mənəvi-diplomatik baxımdan böyük dəstək verdi və bu gün də verməkdədir. Türkiyə Prezidenti hörmətli Rəcəb Tayyib Ərdoğan bu müddət ərzində dəfələrlə Ermənistan hakimiyyətinə çağırışlar etdi, rəsmi İrəvanı Azərbaycanın sülh səylərini dəstəkləməyə, regionda vəziyyəti gərginləşdirməkdən imtina etməyə çağırdı. Avropa Siyasi Birliyinin sammiti çərçivəsində keçirilən görüşlər əsnasında da cənab Ərdoğan Azərbaycana dəstək xarakterli bəyanatlar səsləndirdi, Ermənistanı bir daha sülhə, əməkdaşlığa çağırdı. Qardaş Türkiyənin, onun prezidentinin bu cəhdləri regionumuzda sülhün, sabitliyin bərpası istiqamətində atılan mühüm addımlardır və bu addımlar Azərbaycan xalqı tərəfindən təqdirlə qarşılanır. Azərbaycan Ermənistanla münasibətlərini tənzimləmək, regionda davamlı sülhün və sabitliyin bərqərar olmasını təmin etmək üçün bütün lazımi addımları atıb. Bundan sonra hər şey Ermənistan hakimiyyətindən, onun bu həssas məqamda üzərinə düşən məsuliyyəti nə dərəcədə dərk etməsindən asılı olacaq. Azərbaycanın sülh cəhdlərini dəstəkləməyin hər şeydən öncə Ermənistanın öz mənafeyi üçün sərfəli olduğunu anlamalıdır.Akif Rüstəmov,Xocalı rayon ziyalısı